Azərbaycan povestində İsi Məlikzadə səhifəsi

Get-gedə «romanın özünü belə sıxışdıran» povest 60-70-ci illərin nəsr prosesinin aparıcı qüvvəsinə çevrildi. Azərbaycan povesti Azərbaycan gerçəkliyinin reallığını əks etdirdi — o reallıq ki, nəsrimizdə «müsbət qəhrəmanlar»ı sıravi, adi qəhrəmanlar əvəz etməyə başladı, bədii fikir insanın istehsalat, kolxoz, fabrik fəaliyyətinə deyil, daha çox məişətinə, gündəlik qayğılarına, intim hisslərinə yönəldi, fərdi insan taleləri nəsrin ümumi mənzərəsində daha çox görünməyə başladı. Cəmiyyət, xalq məfhumları bu fərdi talelərdə öz əksini tapdı, damlada dərya əks olunduğu kimi..

Davamı →

Oğul | İsi Məlikzadə

  — Görəsən, bu uşaq harada qaldı?
Arvad cavab əvəzinə köksünü ötürdü. Fərrux yorğanı üstündən atıb dikəldi. Ayaqlarını çarpayıdan salladı. Xeyli sükutdan sonra üzünü yanında uzanmış arvadına tutdu:
— Əminə, sən də bilmirsən Tahir bu vaxtacan haralarda gəzir?
Əminə yorğanın altında büzüşüb böyrü üstə çevrildi.
— Bilmirəm, kişi, bilmirəm.
— Bəs niyə xəbər almırsan?
— Deyir, yoldaşlarımnan imtahana hazırlaşıram.
Davamı →

Qarpız qabığı | İsi Məlikzadə

Atası bu gün də Kərimi danladı.
— Vaxtını boş keçirirsən, belə yaramaz. Hələ dərslərin başlanmağına çox qalıb. Heç olmasa kitab oxu, bir işdən yapış.
Kərim başını aşağı salıb dinmədi.
— Bu gün sənə tar alacağam, çalmağı öyrənərsən, — deyə ata dilləndi.
Kərim sevindi.
— Lap elə bu gün?
— Elə bu gün.
Atası gedən kimi, Kərim eyvana çıxdı. Həyətdə dənlənən quşları görüb fikirləşdi. “Görəsən onlardan bir neçəsini tuta bilərəmmi?.. Bax, o sığırçınları ələ keçirə bilsəydim yaxşı olardı. Onlara yuva tikərdim, dən verərdim”.

Kərim evdən bir ovuc çörək qırıntısı götürüb həyətə çıxdı. Arxadan quşlara yaxınlaşdı. Əlini irəli uzadıb “cib-cib” deyə onları səslədi. Ürkmüş sığırçınlar pırıltı ilə uçub getdilər. Kərim onların arxasınca baxdı. Quşlar binanın qabağındakı tiyanda qır əridən qırçıların yanında yerə endilər. Kərim də ora getmək istədi. Kimsə onun qoluna toxundu. Kərim geri dönüb sinif yoldaşı Zöhrabı gördü.
Davamı →

Alma ağacı | İsi Məlikzadə

Cəfər hündür barıya dırmaşıb həyətə boylandı. Zakirin yer qazdığını görüb qışqırdı:
— Ey! Orda neyniyirsən?
— Ağac əkirəm, — deyə Zakir astadan cavab verdi.
Cəfər barını aşıb onun yanına gəldi. Zakir nazik zoğlu balaca alma ağacının birini Cəfərə uzatdı:
— Al, bağınızda əkərsən, bir-iki ildən sonra böyüyər, bar verər, -dedi.
Cəfər çiyinlərini çəkdi:
— Nəyimə lazımdır? Uşaqlar sənin adını bağban qoyublar, özün də ək.
— Pis iş deyil ki, sən də öyrən.
Davamı →

Qatarda | İsi Məlikzadə

İsi MəlikzadəGecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.

Stansiyada adam az idi. Vaqona oxşayan bircə uzun bina vardı burda. Sabit çölü içindən işıqlı olan bu binada xeyli aralıda, skamyada tək-tənha oturub siqaret çəkirdi və burda adda-budda gəzişən cavanların gözlərinə görünməməyə çalışırdı. Bu rayon cavanlarının pis bir xasiyyətləri vardı: tanımadıqları adamın üzünə elə zəndlə baxırdılar ki, adam başını soxmağa yer axtarırdı. Sabit çəkinirdi onlardan. Bircəciyi gördümü – bəsdi – o birilərini də duyuq salacaqdı: «Əyə, sən öləsən, Sabit Mirzədi bu. Artist… Kinoda oynayır ha…» Vəssalam! Yığışacaqlar Sabit Mirzənin başına, qoymayacaqlar fikirləriylə təkbətək qalsın, siqaretin arın-arxayın, çəksin, yan-yörəyə gözləri dolusu baxsın…

Qatar vaxtında gəldi. Sabit vaqona qalxa-qalxa arxaya baxdı; ondan savayı bu vaqona minən yox idi. Qapının ağzında dayanan vaqon bələdçisi Sabitə çox zəndlə diqqət yetirirdi, deyəsən, tanımışdı onu. Sabitin kişi bələdçilərdən xoşu gəlmirdi – kişi parovoz sürər, təyyarə sürər, deyirdi, day kupelərdə döşəkağı paylamaz.


Ardı →

İsi Məlikzadə

İsi MəlikzadəYazıçı-dramaturq İsi Məlikzadə müasir Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Onun nəsr əsərləri haqqında istər sağlığında, istərsə də  ölümündən sonra bir çox ədəbiyyatşünaslar, tənqidçilər, görkəmli alimlər, qələm dostları öz sözlərini deyib.
"İsi Məlikzadə Azərbaycan üçün Əbdürrəhim bəy Haqverdiyev səviyyəsində parlaq ədəbi sima idi" (Əkrəm Əylisli, xalq yazıçısı); "İsi Məlikzadə nəinki Azərbaycanın, həm də dünyanın maraqlı, oxuna bilən ziyalılarından və yazıçılarındandır" (Əli Rza Xələfli, şair).

Bu yazıya sığa bilməyən deyimlərlə, xatirələrlə yanaşı, dəyərli monoqrafiyalar və dissertasiya mövzuları da var. Görkəmli ədəbiyyatşünas alim Yaqub İsmayılovun "İsi Məlikzadə — söz sərrafı, nəsr ustası" monoqrafiyasını, görkəmli alim Rəhim Əliyevin «Müdrik sadəlövlük» adlı geniş həcmli məqaləsini, Sevinc Abbasovanın namizədlik dissertasiyasını və ədəbiyyatşünas Nurlana Əliyevanın «Zamanın sözü» monoqrafiyasını xüsusi qeyd etmək lazımdır.
Bununla belə, İsi Məlikzadə  yaradıcılığı tam araşdırılıbmı, təhlil edilibmi? Neçə romanı, povesti, hekayəsi, pyesi var? Adbaad neçə kitabı olduğu haqda dəqiq məlumat varmı? Məlumdur ki, İsi Məlikzadə özü tərcümeyi-hal yazmamışdır. Odur ki, onun həyat və yaradıcılığı, indiyə qədər haqqında yazılanları seçib toplamaq və digər araşdırmalar aparmaqla tamamlana bilər.
Ardı →

Duz | İsi Məlikzadə

duzSeymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı.
— Al, hələlik bunu xərclə…
Seymur səliqə ilə bükülmüş pulun arasını açdı. Üç dənə qırmızı onluğu görüb qaşqabağını tökdü. Gah ovcundakı pula, gah da anasına baxdı. Ayrılıq dəqiqələrində ürəyini sarmış kövrəklik əriyib getdi.
Deyəcəyi vida sözləri qırılmış zəncir halqaları kimi beynində dağıldı, pərən-pərən düşdü. Gözucu anasının ciblərinə baxdı. «Bəlkə yenə verdi?.. Bəlkə…»
Firuzə sanki oğlunun titrəyən barmaqlarını görməmək üçün üzünü döndərdi.
Baxışları həsir zənbilin üstündə dolandı:
Ardı →